
Məkan haqqında
Qax rayonunun İlisu kəndi Qax şəhərindən 12 km şimal-şərqdə, Böyük Qafqaz dağlarının ən gözəl guşələrindən birində yerləşir. Ətraf ərazinin flora və faunası öz ilkinliyini qoruyub saxlamışdır. Bu füsunkar təbiət hər zaman yerli əhalinin və ölkəmizin qonaqlarının diqqətini cəlb edir. İlisu qədim yaşayış məntəqələrindən biridir və dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşir.
“İlisu Uludağ Turizm və İstirahət Kompleksi” Qax rayonunun İlisu kəndində, dağ yamacında yerləşir. Kompleks 4 hektarlıq ərazini əhatə edir və ilboyu fəaliyyət göstərir. Kompleksə əsas bina, həmçinin daş və taxtadan tikilmiş bir və iki mərtəbəli kotteclər daxildir. Əsas binada müəssisənin ofisi, 150 nəfərlik kafe, diskoteka, internet mağazası və digər xidmət məntəqələri yerləşir. Turistlərin rahat istirahəti üçün lüks və yarımlüks tipli otel şəraiti yaradılmışdır.
İlisu tarixi abidələrlə olduqca zəngindir. Turizm marşrutlarına Sumu qalasına, qədim alban məbədlərinin xarabalıqlarına, qədim Şəki yolu boyunca Kum və Likit yaşayış məntəqələrinə, Müqəddəs Georgi məbədinə, qədim məscidə və digər görməli yerlərə ekskursiyalar daxildir. Şamil qalasının xarabalıqlarından Dağıstanla sərhəddə yerləşən son yaşayış məntəqəsi — Sarıbaş kəndinin qülləsi görünür. Kompleksdə müalicəvi əhəmiyyətə malik isti su vannaları qəbul etmək mümkündür.